Əqrəblər
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əqrəblər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Dəstə: Əqrəblər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Ümumi xarakteristika
[redaktə | mənbəni redaktə et]Əqrəblər orta və iri ölçülü xeliserlilər olub, adətən 5–10 sm, bəzən də 20 sm-ə qədər olurlar. Bədəninin üzəri xitinləşmiş kutikula qatı ilə örtülmüşdür. Xitin örtüyün tərkibində kalsium-korbonat vardır və ona görə də örtük çox möhkəmdir. Əqrəbin bədəni iki hissədən — baş-döş və qarıncıqdan ibarətdir. Baş—döş hissə bel tərəfdən karapaks zirehi ilə örtülmüşdür. Karapaks akron və baş-döş hissənin altı buğumunun terqitinin birləşməsindən əmələ gəlmişdir. Zireh bütövdür və bu hissədə bir cüt nisbətən iri mürəkkəb gözlər, 5 cütə qədər də kiçik gözcüklər vardır. Baş-döş hissədə stermum adlanan xitinləşmiş lövhə vardır. Baş-döş hissədə bir çox ətraflar vardır. Bu orqanlardan biri əqrəblərin aid olduğu yarımtipi səciyyələndirən xeliserin olmasıdır. Xeliser çox da iri olmayıb bir cütdür və ağız dəliyinin önündə yerləşmişdir. Xeliser üç buğumludur. Birinci buğum qısadır, qalan iki buğum isə qısqac əmələ gətirmişdir. Qısqacların biri hərəkətli, digəri isə hərəkətsizdir və daxili hissədən xitin dişciklərlə təchiz olunmuşdur. Odur ki, xeliser qidanın qoparılmasında, xırdalanmasında əsas rol oynayır. Baş-döş hissənin ikinci orqanı pedipalplar və ya çənə ayaqlarıdır. Pedipalplar bir cüt olub, yaxşı inkişaf etmişdir və qurtaracağında iri qısqacı vardır. Pedipalplar hissetmə orqanı olmaqla yanaşı, qidanın tutulmasında da iştirak edir. Əqrəbin baş-döş hissəsində dörd cüt yürüş ayaqları vardır. Yürüş ayaqları, demək olar ki, eyni tipli olub, müxtəlif ölçülü buğumların birləşməsindən əmələ gəlmişdir. Hər bir ayaq çanaq, burma, bud, baldır və pəncə adlanan hissələrdən ibarətdir. Pəncə üçbuğumludur və qurtaracağında caynaq vardır. Qarıncıq hissə 12 buğumdan və telsondan ibarətdir. Buğumlarının quruluşuna görə qarıncıq iki hissəyə — ön və arxa qarıncığa ayrılır. Ön qarıncıq enlidir, 7 buğumu vardır və mezosom adlanır. Arxa qarıncığın buğumları isə silindrşəkilli olub ensizdir, 5 buğumludur və metasom adlanır. Qarıncığın qurtaracağında şişmiş formada olan telson yerləşmişdir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə şikarına yeridilir. Qarıncıq hissədə aydın görünən heç bir ətraf yoxdur. Bununla belə, elə orqanlar da vardır ki, onlar ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Bu orqanlara, xüsusilə cinsi qapaq, daraqşəkilli çıxıntı və ağciyər aiddir.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Əqrəblər yırtıcı həyat tərzi keçirərək, isti ölkələrdə yayılmışdır. Gündüzlər yuvada, daşların, ağac qabıqlarının altında və s. yerlərdə gizlənərək, gecələr ova çıxırlar. Əqrəb zəhəri insanlar üçün qorxulu olmayıb, şiş əmələ gətirir və baş ağrıları verir. Gecə yırtıcılarıdır. Daş və palçıq hasarların yarıqlarında, yaşayış evlərində, gəmirici yuvalarında, iri daşların altında məskən salır. Cücülərlə, hörümçəklərlə və çoxayaqlılarla qidalanır. Sancması insan üçün çox ağrılıdır, iri tropik əqrəblərin sancması ölümlə nəticələnə bilər.
Azərbaycanda əqrəblər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 7 növü məlumdur.[3] Onlardan biri 2022-ci ildə ilk dəfə ölkəmizdə kəşf olunub (Mesobuthus zarudnyi).
Azərbaycanda qeydə alınmış növlərin siyahısı:
- Androctonus crassicauda (syn. kunti?) (Qara əqrəb)
- Mesobuthus eupeus (Avropa əlvan əqrəbi)
- Mesobuthus persicus (Fars əlvan əqrəbi)
- Mesobuthus zarudnyi (Zarudnyi əlvan əqrəbi) – İlk dəfə 2022-ci ildə ölkəmizdə kəşf olunub!
- Olivierus caucasicus (Qafqaz əlvan əqrəbi)
- Euscorpius mingrelicus (Minqreli qonur əqrəbi)
- Euscorpius naupliensis (Anabolu/Nafplyon qonur əqrəbi)
Azərbaycanda ən çox əlvan əqrəb (Mesobutus sp.) növü yayılmışdır. Cütləşmə yayda, nəsilvermə isə növbəti ilin may-avqust aylarında olur; 35–70 bala verir. Yalnız Naxçıvanda rast gəlinən qara əqrəb (Androctonus crassicauda) Azərbaycanda rast gəlinən ən iri əqrəbdir. Əqrəblərin zəhəri tibbdə geniş istifadə edilir; bir çox bioloji proseslərin öyrənilməsi zamanı əvəz edilməz komponentdir.
Fəsilələri
[redaktə | mənbəni redaktə et]- Akravidae
- Bothriuridae
- Qalınquyruq əqrəblər (Buthidae)
- Caraboctonidae
- Chactidae
- Chaerilidae
- Diplocentridae
- Euscorpiidae
- Hadogenidae
- Hemiscorpiidae
- Heteroscorpionidae
- Ischnuridae
- Iuridae
- Lisposomidae
- Microcharmidae
- Pseudochactidae
- Scorpionidae
- Superstitioniidae
- Urodacidae
- Vaejovidae
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Prendini L. Order Scorpiones C.L. Koch, 1850. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 115–117. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Fet,, V. "Scorpions of the Caucasus: Advances and perspectives" (PDF). Caucasus Barcode of Life. (2020, March 17).