Anuriya
Anuriya | |
---|---|
XBT-10 | R |
XBT-9 | |
DiseasesDB | 23641 |
MeSH | D001002 |
Anuriya (yunanca an — inkar bildirir, uron — sidik) — sidiyin ayrılmaması xəstəliyi, sidikliyə sutka ərzində 50 ml-dən az sidik daxil olması vəziyyəti. Anuriya çox vaxt kəskin böyrək çatışmazlığı nəticəsində baş verir.
Mexanizm
[redaktə | mənbəni redaktə et]İnkişaf mexanizminə görə:
- prerenal (böyrəkdənkənar)
- renal (böyrək)
- postrenal (ekskretor, o cümlədən sidik yollarının mexaniki tutulması ilə əlaqədar obturasion) anuriya olur.
Yeni doğulmuşlarda böyrək inkişaf etmədikdə və ya tək olan böyrəyi cərrahi yolla kənar etdikdə arenal (böyrəyin olmaması ilə əlaqədar) anuriya baş verir.
Prerenal anuriya böyrəklər qanla yaxşı və ya tam təchiz olunmadıqda, çoxlu qan itirdikdə inkişaf edir.
Renal anuriya böyrəklərin müxtəlif toksinlərlə zədələnməsində, yaxud kəskin nefritdə baş verir.
Postrenal anuriya sidik axarları şişlə sıxışdırıldıqda, yaxud onlar iki tərəfdən daşla tutulduqda olur; bəzən güclü qıcıqlandırıcı (soyuq su və s.) reflektor anuriya yaradır.
Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur, çünki əks halda 3–4 gün keçdikdən sonra uremiya inkişaf edə bilər. Anuriya diaqnozu sidiklikdə sidiyin olmamasına və uremik intoksikasiya əlamətlərinə görə qoyulur. Müalicəsi: prerenal və renal anuriyada hemodializin aparılması, postrenal anuriyada sidiyin hərəkətinə mane olan səbəbin aradan qaldırılması. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 566. ISBN 978-9952-441-02-4.