Asəf Zeynallı
Asəf Zeynallı | |
---|---|
Asəf Zeynalabdin oğlu Zeynallı | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 1932 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partnyoru | Kövkəb Səfərəliyeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | piano |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.[1]
Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.[2]
Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. "İbtidai not savadı" adlı dərslik tərtib etmişdir.[3]
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.[4]
O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…[5]
Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən vəfat etmişdir. Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuş, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülmüşdür.[6] Məzarının baxımsız vəziyyətdə olması bir neçə dəfə Azərbaycan mediasında gündəmə gəlib və tənqid edilib.[7][8][9]
Asəf Zeynallı musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.[10]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.
2000-ci ildə Azərbaycan televiziyasında Asəf Zeynallının həyat və yaradıcığından bəhs edən Asəf Zeynallı adlı qısametrajlı sənədli televiziya filmi istehsal edilmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Həyat romansı (film, 1971)
- Asəf (film, 2021)
- Bülbülün Asəf Zeynallı haqqında xatirələri (film, 2021)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Musiqiyə həsr edilən ömür – Asəf Zeynallı". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ "Asəf Zeynallı". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ Mədəniyyət TV. "Bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür" (az.). Youtube.com. 05.04.2024. 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Səda — Cəfər Cabbarlıya həsr olunmuş bədii gecə keçirilib (23. mart 2016)". 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ "Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ "Asəf Zeynallının məzarı baxımsız vəziyyətdə". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ Asəf Zeynallının məzarı baxımsız qalıb — Fotolar
- ↑ "Ailə üzvləri: "Asəf Zeynallının məzarının köçürülməsini istəyirik" - Müsahibə". 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
- ↑ "Asəf Zeynallının baxımsız məzarı: İki qurumun boyun qaçırdığı məsələyə kim əncam çəkəcək?". 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
- ↑ ""QARA SEVDA": 25 yaşında MƏŞHUR SEVGİLİSİNİ itirdi – Heç evlənmədi, onun arzularını yaşatdı". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı, vəsiyyətinə əməl olunmadı – 23 yaşında ölən bəstəkarımız
- T. Məhərrəmova. "Yarımçıq ömrün simfoniyası" //Odlar yurdu.- London, 2009, fevral.- səh. 15.
- Həmişəyaşar bəstəkar
- Asəf Zeynallı niyə xristian qəbiristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)
- Musiqiyə həsr edilən ömür – Asəf Zeynallı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- adam.az Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine Asəf Zeynallının bioqrafiyası – www.adam.az]
- Əfrasiyab Bədəlbəyli — Unudulmaz sənətkar (Asəf Zeynallının vəfatının 20 illiyi ilə əlaqədar, "Ədəbiyyat" qəzeti", 26 oktyabr 1952
- Bəstəkar Asəf Zeynallının məzarı dağılmaq üzrədir
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 5 apreldə doğulanlar
- 1909-cu ildə doğulanlar
- Dərbənddə doğulanlar
- 27 oktyabrda vəfat edənlər
- 1932-ci ildə vəfat edənlər
- 23 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Bakı Musiqi Akademiyasının məzunları
- Asəf Zeynallı adına Musiqi Kollecinin məzunları
- Əlifba sırasına görə musiqiçilər
- Asəf Zeynallı
- Azərbaycan bəstəkarları
- Dağıstan əsilli azərbaycanlılar