Eroziya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Axan suyu yatağı eroziyası

Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir.

Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır.

Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir:

  • Çay hövzəsində aşınmış məhsulun daşınması.
  • Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması.
  • Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.

Eroziya iki formada olur: dərinlik və yan eroziyası. Dərinlik və yan eroziya prosesləri, adətən , eyni vaxtda gedir, lakin yan eroziya , dərinlik eroziyasının zəiflədiyi və onun tamamilə akkumulyasiya ilə əvəz olunduğu vaxt daha yaxşı müşahidə olunur.

Axar sular bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya işi aparmaqla tədricən öz yatağının meyilliyini bütün dərə boyunca bərabərləşdirir. Meyillik bərabərləşdikcə çay yatağının özü də tədricən düzəlməyə və çayın daşıma qüvvəsi də tənzimləşməyə başlayır.

Çayın uzununa profilinin ən alçaq yerinə eroziya bazisi deyilir. Ümumi eroziya bazisindən əlavə, hər bir çayın hövzəsində, yerli eroziya bazisi də var. Yerli eroziya bazisi, bir çayın başqa bir çaya tökülən yer və yaxud çay yatağında səthə çıxan möhkəm süxurlar, çay dərəsini köndələninə kəsib keçən və qalxmaqda olan cavan antiklinal qırışıqların yerləşdiyi sahə də ola bilər.

Çayın eroziya bazisinin mənbəbdən yuxarıda, yaxud aşağıda yerləşməsi çay suyunun miqdarından, axım sürətindən və həmçinin sahil zonanın tektonik rejimindən asılıdır.

Çay bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya fəaliyyətində olduğu üçün, öz yatağının uzununa profilini bütün dərə boyunca tədricən düzəltməyə çalışır. Əgər çay buna nail olarsa, əmələ gələn uzununa profil normal, yaxud da tənzimlənmiş profil adlanır. Əslində isə təbiətdə normal profilə dəsadüf edilmir. Çay dərəsində və hövzəsində iqlimin, tektonikanın, süxurların litoloji tərkibinin və s. daimə dəyişkənliyi ilə əlaqədar olaraq yatağın uzununa profili də müvafiq dəyişikliklərə uğrayır.

Eroziya mənbələri

[redaktə | mənbəni redaktə et]

Eroziya mənbələri- yer səthinin eroziya təhlükəli sahələri. Güclü eroziyaya məruz qalan sahələr hər hansı massiv fonunda kəskin seçilir. (məs. çılpaq qayalıq, uçqun, yarğan və s.).

Eroziya relyefi

[redaktə | mənbəni redaktə et]

Eroziya relyefi- qayalarda, dağətəyi və maili düzənliklərdə və xüsusilə cavan dağlıq ərazilərdə öz yataqlarını dərinləşdirərək əmələ gətirdiyi müxtəlif quruluşlu relyef formaları.

Eroziyaşünaslıq

[redaktə | mənbəni redaktə et]

Eroziyaşünaslıq-torpaq eroziyasının baş vermə səbəbləri və inkişaf qanunauyğunluqlarını, eroziyaya uğramış və eroziya təhlükəsi olan torpaqları, eroziyadan mühafizə üsullarını v ə eroziyaya uğramış torpaqların meliorasiya məsələlərini öyrənir. Eroziyaşünaslıq torpaqşünaslığın müstəqil bir bölməsi kimi son illərdə formalaşmışdır. Eroziyaşünaslığın obyekti müxtəlif təbii və təsərüfat şəraitində baş verən su və külək eroziyası prosesləridir. Azərbaycanda eroziya problemləri ilə bilavasitə Elmi tədqiqat Eroziya və Suvarma İnstitutu məşğul olur.

Eroziyanın ekoloji zərəri

[redaktə | mənbəni redaktə et]

Eroziyanın ekoloji zərəri- torpaq eroziyası hesabına ekoloji mühitə dəyən zərər. Aşağıdakı növləri vardır: a) eroziyadan aqroekoloji mühitə dəyən zərər; b) nəqliyyat sisteminə və yollara dəyən zərər; c) hidroqurğulara (su anbarlarına, sutoplayan kanal və kollektordrenaj şəbəkəsinə) dəyən zərər; d) balıqçılıq təsərrüfatına və başqa ekoloji mühitə dəyən zərərlər.

Eroziyaya qarşı aqrotexniki tədbirlər

[redaktə | mənbəni redaktə et]

Eroziyaya qarşı aqrotexniki tədbirlər- yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq edilən torpaqqoruyucu tədbirlər sistemi. Onlar aşağıdakılardır: yamacın eni istiqamətində v ə ya konturla şumlama, laydırsız kotanla torpaq layını çevirmədən şumlama, zolaqlarla şumlama, pilləli şum, torpaqdərinləşdiricilərlə şumlama, dondurma şumunda və herikdə şırımaçma, dərindən yumşaltma, yalaqaçma, şumda və çoxillik ot əkinində yarıqaçma, oyuqaçma, torpaqqoruyucu növbəli əkin sisteminin tətbiqi, terrasların çəkilməsi və s.

Eroziyaya qarşı bəndlər

[redaktə | mənbəni redaktə et]

Eroziyaya qarşı bəndlər- suyun sürətlə axdığı sahələrdə onun dağıdıcı təsirini azaltmaq məqsədilə düzəldilən qurğular. Bu bəndləri su axınının xüsusiyyətindən asılı olaraq torpaqdan, ağacdan, daşdan, betondan, dəmir-betondan və s. hazırlamaq olar.

Eroziyaya qarşı bioloji mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Eroziyaya qarşı bioloji mübarizə tədbirləri- su və külək eroziyasına məruz qalmış torpaqlarda eroziya prosesini zəiflətmək və onun qarşısını almaq məqsədilə ot səpini, meşəsalma və müvafiq kənd təsərrüfatı bitkiləri yetişdirmək.

Eroziyaya qarşı suvarma texnikası

[redaktə | mənbəni redaktə et]

Eroziyaya qarşı suvarma texnikası– irriqasiya eroziyasının qarşısını almaq üçün tətbiq edilir. Burada qəbul edilən suvarma texnikası su sərfi, suvarılan şırımın və ya zolağın uzunluğu, suvarmanın müddəti elə seçilməlidir ki, suvarma zamanı eroziya prosesi minimuma ensin və ya tam qarşısı alınsın. Buna görə də eroziyaya qarşı suvarma texnikası hazırlanarkən səthin meyilliyi, torpağın tipi, onun mexaniki tərkibi və suhopdurma qabiliyyəti nəzərə alınmalıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]