Silur dövrü
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Silur dövrü — paleozoy erasının əvvəlindən başlayaraq üçüncü dövr; 20–27 mln. il davam etmişdir. Silur dövrü əvvəllərində baş vermiş kaledon tektonik hərəkətlərindən sonra (llandover epoxasında), Yer səthinin iri dəniz transqressiyası ilə müşayiət olunan intensiv çökəlməsi baş vermişdir. Llandoverin sonu və venlok effuziv və intruziv maqma fəaliyyətinin təzahürü ilə əlamətdardır. Ludlov epoxasında platformalarda reqressiya, geosinklinal hövzələrin bəzi sahələrində çökəlmənin davam etdiyi müşahidə edilir. Silur dövrü sonları kəskin şəkildə özünü göstərən və hər yerdə müşahidə olunan reqressiya ilə səciyyələnir. Qalıq dəniz hövzələri Şərq Avropa platformasının cənub-qərbində, Ural-Tyanşan, Qazaxıstan, Verxoyansk-Çukot, qismən Kordilyer və Aralıq dənizi geosinklinal vilayətlərinin bəzi yerlərində mühafizə olunmuşdu. Silur dövrü üzvi aləmi ordovik, xüsusilə devon dövrləri ilə sıx surətdə bağlıdır. Silur dövrü foraminiferlər (amiodistsidlər, atoksofraqmidlər, lagenidlər), karbonatlı süngərlər, ikitayqabıqlı molluskalardan müxtəlifdişlilər dəstəsi, tentakulitlər, dəniz qönçələri, təkcərgəli qraptolitlər meydana gəlmişdir; silur dövrü sonunda ilk dəfə olaraq həqiqi balıqlarla təmsil olunmuş (akandotlar, lövhədərililər) çənəli xordalılar rast gəlməyə başlayır, həmçinin xüsusən qabarma-çəkilmə zolağında və sahilboyu quruda ilk dəfə olaraq çoxsaylı ali bitkilərə — riniofitlərə rast gəlinir. Bu zaman ilk quru buğumayaqlıları — əqrəblər də meydana gəlmişdir. Silur dövrü ən çox — stromatoporatlar, tabulyatoideyalar, heliolitoideyalar, dördşüalı mərcanlar, düz xarici qabıqlı başıayaqlılar (ortotseratoideyalar və aktinoseratoideyalar), qədim ostrakodalar, evripterideyalar, mamırabənzərlər (trepostomidlər), müxtəlif qıfıllı braxipodlar (əsasən pentameridlər və atripidlər), dəniz zambaqları, təkcərgəli qraptolitlər, onurğalılardan çənəsizlərin bütün yarımsinifləri, ali bitkilərdən — riniofitlər və ehtimal ki, dövrün sonunda plaunabənzərlər geniş yayılmışdır. Ordovikdəki rifəmələgətirən orqanizmlər yaşamaqda davam etmişdır, yerüstü şəraitdə buğumayaqlılar (çoxayaqlılar və əqrəblər), bitkilərdən riniofitlər mövcud olmuşlar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.