Sədi Şirazi
Görünüş
Sədi Şirazi | |||
Doğum tarixi | 1210 | ||
Doğum yeri | Şiraz | ||
Vəfat tarixi | 9 dekabr 1292 | ||
Vəfat yeri | Şiraz | ||
Dəfn yeri | Saadi Mausoleum | ||
|
Sədi Şirazi — İran şairi və mütəfəkkiri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq adam sussa yaxşıdır. Amma o, bunu bilsəydi, axmaq olmazdı.
- Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var.
- Ağıl yer üzündən götürülsə də, heç kəs ağılsız olduğunu qəbul etməz.
- Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq.
- Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsitar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir.[1]
- Ağıllı dilini saxlar dünyada,
Şam dilindən yanar, sovrular bada.
- Ağıllılar öz istədiklərini, ağılsızlar başqalarının istədiklərini öyrənir.
- Ağlıma və zəkama görə başımın üstündə halə parladı.
- Alimdən soruşdular:
-Elmdə bu dərəcəyə necə çatdın? Dedi: -Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
- Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at, hədəfdən getməsin əyri.
B
[redaktə]- Başqasının sözünü kəsib danışmaq öz qanmazlığını etiraf etmək deməkdir.
- Başındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyr gəlməz. Onun sözünə və andına inanmaq olmaz.
- Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir.
- Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər.
- Biliksiz bir şəxs döyüş barabanına bənzər: səsi çox, içi boşdur.
- Biliyinə görə davranmayan kimsə, üzərinə kitab yüklənmiş heyvanlardan başqa bir şey deyil.
- Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
- Bir adamdan soruşdular: — Barsız alim nəyə bənzər. Dedi: — Balsız arıya.
- Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı.
- Bir çiçəyə artıq su verərsən çürüyər, insana gərəyindən artıq dəyər verərsən qudurar.
- Bir ox hədəfdən getməsin əyri.
- Bir ömürdə ələ gələn dostu bir anda incidib əldən vermə.
- Bir şəhəri əhatə etdiyin və rəhbərliyi keçirdiyin zaman xalqa əvvəlkindən daha yaxşı davran.
- Bir yatmış başqa yatmışı necə oyada bilər?!
- Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün.
- Birisi bəslərdi qurd balasını,
Böyücək məhv etdi öz ağasını. - Böyük bir şəxsdən soruşdular: -Sağ əl çox cəhətdən sol əldən üstündür, buna baxmayaraq nə üçün üzüyü sol ələ taxırlar? Dedi: -Bilmirsən ki, fəzilətli həmişə məhrum olar.
- Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.
C
[redaktə]- Cahillə mübahisə etmək hədərdir.
- Ciddiliyin həddən çox olması nifrət yaradır, mərhəmətin isə həddən çox olması nüfuzu aşağı salır.
- Cinayətdən sonra tövbənin xeyri yoxdur.
Ç
[redaktə]- Çiçək gah açıqdır, gah da pünhandır, Ağac gah geyimli, gah da üryandır.
- Çörəyim artdıqca əksildim haman, Yoxsulluq yaxşıdır sail olmaqdan.
D
[redaktə]- Darıxma iş görünsə bir qaranlıq quyuda,
Çünki qaranlıqdadır o dirilik suyu da. - Dərin dəniz daş atmaqla bulanmaz.
- Dərsini həvəssiz oxuyan uşaq qanadsız quş kimidir.
- Dil – hünər sahiblərinin xəzinəsinin açarıdır.
- Dinlə bir nəsihət söyləyirəm mən-
Kim tikan əkibsə, dərməz yasəmən. - Dirilik suyudur sevgi zülmətdə.
- Dostlarına qarşı belə oyanıq olmalısan. O zaman düşmənindən də əmin ola bilərsən.
- Dostunun qəlbini qırsan, düşmənini şad edərsən.
- Döyüş meydanında can versə insan,
Xoşdur, namərdliklə qoyub qaçmaqdan. - Düşmənin ölkəsini əhatə edib fəth etdiyin zaman asayiş və təhlükəsizlik işlərində oranın həbsxanalarındakı məhbusları vəzifələndir. Onların ürəkləri ağrılıdır. Zülmə keçid verməzlər.
- Düşmənin yaxınlarından biri sənə dostluq əlini uzada bilər, bunu məmnunluqla qarşıla.
- Düşmənin dostu düşməndir, unutma.
- Düşünüb, sonra da sözü müxtəsər,
O qədər danışma, "bəsdir" desinlər.
- Düzlüyü çox sevir taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
E
[redaktə]- Elm dini qorumaq üçündür, yoxsa dünya nemətlərini udmaq üçün deyil.
- Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
- Eşq çadırının qurulduğu yerdə məntiq axtarma.
- Eşq insanlıqdır, o səndə yoxdursa, yeməkdə və yatmaqda heyvanla şəriksən.[2]
- Ey başqalarının iztirablarına görə narahat olmayan, sənə insan demək yaraşmaz.
Ə
[redaktə]- Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək. - Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz, bəxtiyar nəsil. - Əgər bu qaranlıq yerdən qorxursansa, ağlını başına topla, buraya işıqla gəl.
- Əgər söz olarsa, incə və şirin,
O sözü eşidən deyər afərin. - Əmrindəkiləri bağışlamağı bilməyənlər, bir gün bu insanların əfvinə möhtac olarlar.
- Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq.
- Əsəri olmayan alim barsız ağacdır.
- Əvvəlcə fikirləş, sonra danış. Sənə "sus" deyilməmiş özün sus.
G
[redaktə]- Güclü vaxtında yaxşılıq edən gücsüz vaxtında çətinlik çəkməz.
H
[redaktə]- Heç kimin dili həyatını xilas etməkdən əli üzülmüş adamın dili qədər uzun olmaz.
- Həddən artıq zarafat etmək alim üçün qüsurludur.
- Həddini aşan qəzəb adamlarda qorxu oyadır, ölçüsüz mehribanlıq və nəvaziş isə insanı gözdən salır. buna görə də orta həddi gözləmək lazımdır.
- Hər kəs nəsihət eşitməsə danlaq eşitməlidir.
- Hər kəsə özü camallı, övladı kamallı görünər.
- Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz.
- Hər zaman sözünün bil məqamını, Boş sözlə məhv etmə ehtiramını.
- Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun düşmənə çatıb-çatmaması isə sonraya qalar.
- Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan.
X
[redaktə]- Xalqın eyblərini açıb tökməyə çalışsan, etibardan düşərsən.
- Xalqın sevgi və etibarını qazansan düşməni həqiqətən məğlub etmisən deməkdir.
- Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki, hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.
- Xəsisin gümüşü onu basdıranda torpaqdan çıxar.
- Xoşdur məhəbbətin sevinci, qəmi,
Xoşdur yaraları, xoşdur məlhəmi.
İ
[redaktə]- İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
- İki düşmən arasında elə söz danış ki, barışanda utanmayasan.
- İki şey mümkün deyildir-qismətdən artıq yemək və əcəl çatmamış ölmək.
- İnsanın qəlbini göstərməz paltar,
Yazan özü bilər kağızda nə var. - İnsan ruhunu iki şey qaraldar: susulacaq yerdə danışmaq və danışılacaq yerdə susmaq.
- İnsanın hər nəfəsdə 2 dəfə şükür etməsi lazımdır. Biri nəfəs aldığı üçün, biri nəfəs verdiyi üçün. Çünki verib almamaq var və alıb verməmək var.
- İstəyi olmadan öyrənən şagird qanadsız quşdur.
- İşığa çatmaq üçün can atsan pərvanə tək,
Səni yandırsalar da, səsin çıxmasın gərək.
K
[redaktə]- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
- Kiçik ikən hər uşaq edilməzsə tərbiyyət,
Böyüyəndə görünməz onda ədəb, nəzakət.
Yaş çubuğu istəsən hər şəkilə salarsan,
Od qurqdub düzəldər o çubuğu nəhayət.
- Kim ki, qılınc çəkib etsə yamanlıq, Əlini dişləyib çəkər peşmanlıq.
- Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun. - Kim özündən çox bilənlə mübahisə etsə ki biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.
- Kim səndən qorxursa, qıl ondan həzər.
Olsan da yüz elə şəxsə bərabər. - Kişilik hirslənib vurub-yıxmaqda deyil, öz qəzəbinə hakim olub ədalətlə davranmaqdadır.
- Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır.
- Könlünün dərdli olmasını istəmirsənsə, dərdli könülləri dərddən qurtar.
Q
[redaktə]- Qarışqa yayda azuqə yığır ki, qışda rahat yaşasın.
- Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha asan həll olunardı.
- Qəzəblənəndə özünü saxlaya bilən adam başqalarının da günahını bağışlaya bilər.
- Qəzəbin atəşi əvvəlcə sahibini yandırar;qığılcımı düşmənə ya çatar, ya da çatmaz.
- Qızılın nə olduğunu məhək daşı, xəsisin kim olduğunu isə dilənçi bilir.
- Qoy səni doyduran çəkdiyin əmək,
Sənə öz hünərin eyləsin kömək. - Qüsur edənin qüsurunu ona söyləməsələr, bilməzliklə eybini hünər sanar.
M
[redaktə]- Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət yığmaq üçün deyildir.
- Meyvələri yetişmiş ağaclar başlarını yerə əydiyi kimi, ağıllı və seçilmiş insanlar da təvazökar olurlar.
- Məsləhəti, nəsihəti başa düşməz qanmaz olan,
Necə ki, günbəz başında qoz dayanmaz heç zaman. - Müəllimdən işgəncə görməyən həyatda zülm çəkər.
- Mühəmməd Qəzzalidən soruşdular: — Elmdə bu dərəcəyə necə çatdın? Dedi: — Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
- Müşk odur ki, ətir versin, nəinki əttar desin.
N
[redaktə]- Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi nadan olmazdı.
- Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.
- Naməlum dərmanı həkimsiz içmək, nabələd yolu karvansız getmək ağıllı adamın işi deyildir.
- Nəsihətdən dəm vuran adamın özü başqalarının öyüdünə möhtacdır.
O
[redaktə]- O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin.
- O şeyi ki, arxayınsan sənə deyəcəklər soruşmağa tələsmə, çünki hörmətə zərəri var.
- Odu söndürüb közü saxlamaq, gürzəni öldürüb balasını buraxmaq ağıllı insanların işi deyil.
- Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
- On dərviş bir kilimdə yatarkən iki padşah bir dünyaya sığmaz.
Ö
[redaktə]- Ölçülməmiş suala, biçilməmiş cavab verərlər.
- Ölkənin idarə olunmasını yan-yörədəkilərin öhdəsinə buraxan hökmdan tez taxtdan düşər.
- Öz hayına qalanda hünər olmaz,
Hünəri olmayandan rəhbər çıxmaz. - Özünü böyük görürsən? Yaxşı, düz demişlər: çəpgöz biri iki görür.
- Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin.
- Övladlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə onları qoyun kimi otarmasınlar.
P
[redaktə]- Peşman olmamaq üçün danışmazdan öncə fikirləş.
- Pisə yaxşılıqla, yaxşıya pislik. Mənaca bir şeydir, düşünsən əgər.
- Pislə oturan yaxşılıq qazana bilməz.[3]
- Pislərlə oturub duran yaxşılıq üzünə həsrət qalar.
R
[redaktə]- Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən çətin yaşayan olmazdı.
S
[redaktə]- Sağlam adamların başında elə bir tac var ki, onu yalnız xəstələr görür.
- Sağlam olmaq istəyirsinizsə, heç vaxt doyunca yeməyin.
- Sağlamlığın əsl dəyəri xəstəlik zamanı bilinər.
- Sevgin yoxdursa, dost axtarma.
- Sevmədiyimiz insanla da elə danışmalıyıq ki, sabah onunla dost olanda dediyimiz sözlərə görə xəcalət çəkməyək.
- Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlar çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın.
- Sənə dedim: Saqın, dəryaya çıxma, indi ki, çıxmısan ürəyini tufanlara tapşır.
- Sirrini heç dostunla da bölüşmə; vaxt gələr, bu sirr səni dostunla düşmən edər.
- Sözünü təsir edəcəyini bildiyin zaman söylə.
Ş
[redaktə]- Şamını gündüz yandıran gecə qaranlıqda qalar.
- Şeytanlıq eyləyib kim ara vursa,
Bəxti üz döndərər, o görər cəza.
T
[redaktə]- Tabeliyindəkilərin təqsirindən keçmək istəməyən şəxs gec-tez özü onların əfvinə möhtac olacaq.
- Tac və taxt keçicidir. Keçmişlərin yaxşılıqlarını an ki, sənin də adını gələcəkdə ansınlar.
- Tamahkara dünyanı da versən, doymaz.
- Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz.
- Tərbiyəsiz istedada heyf.
- Tutaq ki, var səndə şir kimi pəncə, Davadan sülh daha yaxşıdır, məncə.
Y
[redaktə]- Yaxşı da, yaman da, keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada. - Yaxşı niyyətlə deyilən yalan nifaq salan həqiqətdən daha xeyirlidir.
- Yaxşı ol, qoy "pisdir" desinlər sənə,
Nə ki, pis olasan, "yaxşı" desinlər. - Yalnız öz hayına qalan qardaş nə qardaşdır, nə yoldaş.
- Yarasa sevmirsə nurlu günəşi,
Günəşin əskilməz bundan atəşi. - Yer üzündə heç bir Hüma quşu qalmasa da, kimsə bayquşun kölgəsinə sığınmaz.
- Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.
- Yersiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. Nə elə qaba ol ki, səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar.
- Yetkin bir adamı özünüzə dost etmək istəsəniz, tənqid edin; bəsit bir adamı özünüzə dost etmək istəsəniz, mədh edin.
V
[redaktə]- Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
- Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar.
Z
[redaktə]- Zalımları əfv etmək məzlumlara zülmdür.
- Zehni əmək hər cür kədəri uzaqlaşdırmağa qadirdir.
- Zəif düşmənin zərər verəcəyini düşünməmək qığılcımın yanğın törətməyəcəyini düşünmək kimidir.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
- Gülüstan. Sədi Şirazi, Bakı,2006
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.35
- ↑ Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikrin tarixindən. Bakı, 2007, səh.97
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.